27.11.2014

Bakı yollarında işıqlandırılmış “zebralar”

201280

Son zamanlar informasiya texnologiyasi sahəsində durmadan inkişaf edən "Azservices" şirkəti növbəti bir uğurlu layihəyə imza atıb. Belə ki, Bakıda xüsusi işıqlandırma ilə təchiz olunmuş piyada keçidi adı çəkilən şirkət tərəfindən quraşdırılıb və şəhərin sakinlərinin istifadəsinə verilib.

Hələ ki, test rejimində çalışan xüsusi işıqlandırılmış piyada keçidi Murtuza Muxtarov küçəsi ilə Nigar Rəfibəyli küçəsi kəsişməsində tətbiq olunub.

Piyada keçidinin üzərində iki cür - yaşıl və qırmızı - rəngli işıqlar quraşdırılıb: Yaşıl rəngli işıq piyada zolağının üzərində quraşdırılıb. Qırmızı rəngli işıq isə sürücülərin avtomobilləri dayandırıb, piyadaya yol vermək üçün “stop xətt”dir.

Piyada keçidinin yanında isə günəş enerjisi ilə işləyən yol nişanları quraşdırılıb. Həmin yol nişanlarının üzərində günəş panelləri quraşdırılıb. Gün ərzində günəş panelləri gün şüasını elektrik enerjisinə çevirir.

Nəticədə alınan elektrik enerjisi yol nişanının və piyada keçidinin üzərində olan müxtəlif rəngli işıqların gecə ərzində yanmasına səbəb olur.

Gecə saatlarında qaranlıq yolla hərəkət edən nəqliyyat vasitələrinin sürücüləri yol kənarlarında olan həmin piyada keçidlərinə baxıb hərəkəti tənzimləyir.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov açıqlamasında gecə saatlarında hərəkətdə olan nəqliyyat vasitələrinin sürücülərinin bu tip piyada keçidlərini daha yaxşı gördüklərini söyləyib.